Gəncə şəhərinin təbiəti

Göy-Göl

 

1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göy-Göl yaranmışdır.

 

 

Göy-Göl dövlət qoruğu bu ilin oktyabr  ayında Milli Park statusu adını ala bilər. Bunu qoruğun direktoru Bilal Əliyev bildirdi. Qeyd edək ki, Göy-Gölün Milli Park olması  barədə söhbət artıq üç ildir gedir. Bilal Əliyevin sözlərinə görə  buna Xanlar rayon köhnə icra başçısı müəyyən manelər yaradırdı. O, Milli Park üçün 5500 hektar torpaq sahəsi verəcəyini desə də buna əməl etməyib. Lakin, bu gün yeni icra hakimiyyətinin başçısı ilə  birgə torpaqların hansı hissədən verilməsi muzakirə olunur. Həmçinin Murov dağı istiqamətində olan yaylaq əraziləri var ki, onlar da Milli parkın ərazisinə düşə bilər. Artıq rayon icra hakimiyyəti ölkə başçısının sərəncamına əsasən Ekologiya və Təbii sərvətlər Nazirliyinə  və Milli Elmlər Akademiyasına  rəy göndəriblər. Məlumat üçün bildirək ki, qanuna əsasən qoruq ərazisində insanların istirahət etməsi  qadağandır

 

 

Muxtəlif vaxtlarda buna icazə verilib, bu isə Göy-Gölün çirklənməsinə səbəb olur. Milli Park yaradılandan sonra əraziyə xüsüsi maşınlarla giriləcək və turistlər üçün gəzinti marşrutları hazırlanacaq. Artıq üç göl istiqamətində cığırlarla  marşrutlar hazırlanıb. Onu da qeyd edək ki, Göy-Göl qoruğu ərazisində 423 növ ağac, kol, dərman bitkiləri var. Buların 76 növü sırf  ağac və koldur. Qalanlar isə çəmən  bitkiləridir. Ərazidə maral, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq kimi heyvanlar  var. Bundan başqa ağ baş kərkəz, dağ hinduşqası və tetra kimi nadir quşlar da mövcuddur.

 

Menyuya qayıt

 

Gəncə ətrafı zonalarda yerləşən göllər

 

Göy-Göl ərazisindəki göllər: ümumilikdə 19 göl var. 7-si böyük göllər sırasına daxildir.

  1. Göy-Göl.

    Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir.

    Uzunluğu 2800 metrdir.

    Eni 800 metrdən 1000 metrə qədərdir.

    Dərinliyi 96 metrdir.

    Gölün görünmə qabiliyyəti 8-10 metrdir.

    29-31 metr arasında oksigen var.

    31 metrdən sonra kükürtlü təbəqədir.

    Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var.

    76 növü ağac və kol, qalanları çəmən örtüyüdür.

    Ərazidə maral, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, caqqal,  porsuq, oxatan kirpi, cöl pişiyi, vaşaq var.

    Göldə 'farel' balığı da yaşayır.

     

  2. Maralgöl.

    Eni və uzunu 1 km-ə qədərdir.

    Dərinliyi 97 metr.

    Su oksigenlə zəngindir və farel balığının saxlanması mümkündür.

  1. Zəli gölü.

    Eni bəzi yerlərdə 500 metr, bəzi yerlərdə isə 400 metrdir.

    Dərinliyi 16 metr.

    Qamışlıqdan ibarətdir.

    İçməli su kimi istifadə oluna bilməz.
     

  1. Qara göl.

    Ərazisi 3 hektara yaxındır.

    Dərinliyi 16 metrdən 24 metrə qədərdir.

    Kəpəz dağının dağılmış çınqılları ərazisindədir.

    Göl bir tərəfindən nadir Eldar şamı meşəsi, digər tərəfdən isə qarışıq enli yarpaqlılarla əhatə olunub. Çöl heyvanlarının ən çox məskunlaşdığı ərazidir.
     

  1. Güzgü gölü.

    Bu göl iki hövzədən ibarətdir.

    I – sahəsi 1 hektardır.

    Dərinliyi 6-8 metrdir.

    Qayalıq ərazisində dərinliyi 10 metrdən 16 metrə qədərdir.

    Dibində olan bütün daşlar görülür.

    İçərisinə atılan əşya 5-6 dəfə böyüyür. Onun üçün də bu göl "Güzgü gölü" adlanır.

    II – meşəliyin arasında olan göl gün işığı düşdüyü zaman parıldayır. Adının "Güzgü gölü" olmasının bir səbəbi də budur.

 

  1. Cilli göl.

    Bataqlıq gölüdür.

    Bütün otlar suyun altında qaldığına görə Cilli göl adlanır.

 

  1. Üç göllər.

    Murov dağı yüksəkliyində yerləşir.

    Ümumi sahəsi 8 hektara yaxındır.
    Dəniz səviyyəsindən yüksəkliyi 2800 metrdir.

 

Xırda göllər – Çoban gölü, Ayı gölü, Bataqlıq gölü.

 

Bulaqlar – Çay kənarında Yeddi bulaq. Göy dağ bulağı. Novruz bulağı. Gişxanım bulağı. Dərzi qaya bulağı. Xatın bulağı. Cınqır dağının bulağı.

 

Turş su – Murov dağı istiqamətində, Göy-Göl qoruğu ərazisində müalicəvi əhəmiyyətli bulaq.

 

Menyuya qayıt

 

İstirahət kəndləri

 

Toğana kəndi. Göy-Göl ərazisində, göldən 1 km. 500 metr məsafədə yerləşir.
 

Əzgilli kəndi, Çay kənd.
 

Ərazisində olan nadir quşlar – ağbaş kərkəz, dağ hinduşqası (uar), tetra.

 

Menyuya qayıt

 

Xoşbulaq

 

Daşkəsən rayon mərkəzindən 17 kilometr aralıda yerləşən Xoşbulaq kəndi Gəncəbasarın ən səfalı guşələrindən biri hesab olunur. Kənddə  təxminən 4800 sakin və  1000-ə yaxın yaşayış  evi var. Buranın iqlimi əsasən sərin keçir. Əraziyə il ərzində təxminən 500 millimetr yağıntı düşür. Çəmən otlaqlardan ibarət sahələr aprelin əvvəllərindən oktyabrın ortalarınadək yaşıl olur. Bəzi ərazilərdə isə  süni Şamlıq meşə zolağı salınıb. Əkinə yararlı torpaqlar tünd şabalıdı olduğundan burada əsasən kartof, alma, gavalı, göyəm, quşarmudu yetişdirilir. Kənddə  əsasən arıçılıq, qoyunçuluq və maldarlıq inkişaf etdirilib. Buradan irili-xırdalı təxminən 50-yə yaxın bulaq (məs: Pört-pört, Qiblə, Qırx bulaq və sair) və Qaracəfər çayı axır. Bundan başqa öz genişliyi və göz oxşayan mənzərəsi ilə görənləri sehirləyən  Zağalı gölü də var (50 metr eni, 110 metr uzun). Göl  Xoşbulağın 3 kilometrliyində yerləşir. Bir sözlə gələrsiz görəsiz!

 

Menyuya qayıt

 

Bu səhifədə dərc olunan məlumat www.ganca.az saytından götürülüb.

 

Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi

Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır