|
|
||||
|
Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonunun Kəpəz bələdiyyəsinin ərazisi 01 yanvar 2005-ci il tarixə olan statistik məlumata əsasən 4892 hektar, əhalisi 160 min nəfərə yaxındır.
Demokratiyanın atributlarından biri sayılan və Respublikamızda əsası ümummilli liderimiz Heydər Əliyev Cənabları tərəfindən qoyulmuş bələdiyyələrə 2004-cü il dekabr ayının 17-də çoxmandatlı seçki əraziləri üzrə keçirilmiş seçkilərdə Gəncə şəhərinin Kəpəz rayonunda yerli özünüidarəni həyata keçirən Kəpəz Bələdiyyəsinə vətəndaşların sərbəst və gizli səsverməsi yolu ilə 19 nəfər bələdiyyə üzvü seçilmişdir.
Öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə və «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununa əsaslanan Kəpəz Bələdiyyəsi işini seçicilərin arzu və təkliflərinə müvafiq müəyyənləşdirmiş, bələdiyyə üzvlərinin yığıncaqlarında qəbul edilmiş yerli proqramlara uyğun olaraq qurmuş və həyata keçirməkdədir.
Bu məqsədlə Kəpəz Bələdiyyəsinin ilk iclaslarında yerli büdcə, iqtisadi inkişaf, sosial, hüquq, ekologiya və mənzil- istismar, abadlaşdırma məsələləri üzrə daimi komissiyaları, Bələdiyyə İcra aparatınında «Maliyyə», «Vergi, ödənişlər və nəzarət», «Təşkilat», «Tikinti, memarlıq və reklam», «Ümumi» şöbələri yaradılmış, 28 ştat vahidləri və iş reqlamenti təsdiq edilmişdir.
Regionların sosial–iqtisadi inkişafı, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev Cənablarının apardığı gərgin və məqsədyönlü işdə bələdiyyələrin rolunun və səlahiyyətlərinin artırılması məqsədilə növbəti beş illik dövrdə bələdiyyənin torpaq fondunun və əmlakının formalaşdırılması, sakinlərə göstərilən sosial və kommunal xidmətlərin yaxşılaşdırılması, bələdiyyə ərazisində geniş abadlıq və təmizlik tədbirlərinin aparılması, əlavə maliyyə mənbələrinin tapılması və bələdiyyə büdcəsinin artırılması Kəpəz Bələdiyyəsinin ən öndə duran vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
Cari ilin 6 ayı ərzində fiziki şəxslərin fərdi evləri və həyatyanı sahələrinə görə toplanmış əmlak və torpaq vergisinin məbləği 91347648 manat təşkil edərək keçən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə, hüquqi və fiziki şəxslərin əkin və sahibkarlıq obyektlərinin altındakı torpaq sahələrinə görə yığılmış torpaq haqqının məbləği 24542500 manat təşkil edərək 5,2 dəfə , ödənişli dayanacaqlardan daxil olan rüsumların məbləği 7990000 manata çatdırılaraq 4,3 dəfə artırılmışdır.
Ümumilikdə 2005-ci il iyul ayının 1–nə olan olan vəziyyətə görə Kəpəz Bələdiyyəsinin büdcəsi 123880148 manat təşkil etmişdir ki, bu da 2004-cü ilin birinci altıaylıq dövründən, nəqliyyat vasitələrindən keçən il büdcəyə daxil olmuş əmlak vergisi istisna olmaqla, iki dəfə artıqdır.
Bələdiyyə ərazisində əmlak vergisindən yayınan 5000 yaxın fərdi yaşayış və bağ evinin, fiziki şəxslərin sahibkarlıq obyektlərinin qiymətləndirilməsi məqsədilə Kəpəz Bələdiyyəsinin nəzdində yaradılacaq «Əmlak» MMC nizamnaməsi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər şöbəsinə göndərilmişdir. Əmlak vergisindən yayınan evlərin bələdiyyədə qeydiyyata alınmasında Kəpəz Bələdiyyəsinin fəaliyyəti dövründə ilk dəfə olaraq təşkil etdiyi məhəllə komitələri mühüm rol oynayırlar.
«Bələdiyyələrin məhəllə komitələri haqqında nümunəvi əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq cari ilin 6 ayı ərzində Kəpəz Bələdiyyəsi öz səlahiyyətlərinə aid olan məsələlərin həllinə kömək məqsədilə «Savalan», «Sevinc», «Nətavan», «Dəmiryol altı», «Sadıllı», «Avtozavod» qəsəbələrində 10 məhəllə komitəsi yaratmışdır.
Hesabat dövründə həmin məhəllə komitələrinin təşəbbüsü və Kəpəz bələdiyyəsinin bilavasitə rəhbərliyi ilə «Sevinc» qəsəbəsində qeyri–qanuni bağlanmış küçələrarası keçid bərpa edilmiş, «Avtozavod» yaşayış massivində kütləvi torpaq zəbt olunmalarının və qanunsuz tikintilərin qarşısı qismən alınmış, «Savalan» qəsəbəsində M. A. Abbaszadə küçəsindən İstambul küçəsinə keçid rolu oynayan pilləkən təmir edilmiş, «Dəmiryol altı» qəsəbəsinə şəhərdaxili sərnişindaşıma marşrutu açılmış, bələdiyyə ərazisində yol hərəkətinin təhlükəsizliyini tənzimləyən qurğular bələdiyyənin hesabına şəhər yol polisi əməkdaşlarının iştirakı ilə təmir edilmişdir.
Kəpəz Bələdiyyəsi, onun İcra aparatı məhəllə komitələrinin, bələdiyyə ərazisində yaşayan ayrı-ayrı vətəndaşların ərizə və şikayətlərinə qayğı və həssaslıqla yanaşmaqla bu müraciətlərin vaxtında və müsbət həll olunması üçün yüksək tələbkarlıq göstərirlər.
Belə ki, cari ilin 6 ayı ərzində Kəpəz Bələdiyyəsinə 75 ərizə daxil olmuş, məzmununa görə torpaq sahəsinin icarəyə verilməsi, əmlak və torpaq vergisindən azad edilməsi, fərdi və bağ evlərinin tikintisi üçün torpağın ayrılması, müvafiq işlə təmin edilməsi, maddi köməklik göstərilməsi və sair xarakterli ərizələrə baxılaraq ərizəçilərə müvafiq cavab və izahatlar verilmişdir.
Ehtiyac içərisində yaşayan vətəndaşların sosial durumunun yaxşılaşdırılması, istedadlı uşaqların təhsilinə, gənc idmançılara, görkəmli elm və mədəniyyət xadimlərinə, hərbi hissələrə mənəvi və maddi köməkliklərin göstərilməsi, milli və dini bayramlar ərəfəsində bələdiyyə ərazisində kütləvi mədəni, idman-sağlamlıq və xeyriyyə tədbirlərinin həyata keçirilməsi Kəpəz Bələdiyyəsinin, onun yanınıda fəaliyyət göstərən yerli sosial məsələlər üzrə daimi komissiyasının gündəlik işində ən başlıca yer tutur.
Qeyd etmək lazımdır ki, bu işlərin görülməsi üçün Kəpəz Bələdiyyəsinin büdcəsindən 2005-ci ilin 6 ayı ərzində 17396000 manatadək vəsait xərclənmişdir.
Son vaxtlar Gəncə şəhərində aparılan geniş abadlıq və yenidənqurma işlərinə də Kəpəz bələdiyyəsi biganə qalmamış və öz tövhəsini vermişdir.
Belə ki, yaz-yay mövsümünün başlanması ilə əlaqədar, milli bayramlar ərəfəsində bələdiyyə ərazisindəki mərkəzi küçələrdə (H. Əliyev, Ş. İ. Xətai, N. Nərimanov, D. Qorqud və s.), D. Qorqud və F. Əmirov küçələri arasında, Ş. Hüseynov küçəsində, H. Əliyev prospekti ilə V. Xuluflu küçəsinin kəsişməsində yerləşən istirahət bağlarında, Kəpəz Bələdiyyəsinin yerləşdiyi inzibati binanın ətrafında abadlıq və təmizlik işləri aparılmış, fəvvarələr və oturacaqlar təmir edilmiş, ağaclara aqrotexniki qulluq göstərilmiş, yolların asfalt beton örtüyünün əsaslı təmiri gedən yerlərdə fərdi yaşayış evlərinin, iki və çoxmərtəbəli binaların fasadlarında təmir və rəngsazlıq işləri görülmüşdür. Ümumillikdə cari ilin 6 ayında bələdiyyə ərazisində 33909000 manat məbləğində abadlıq – təmir tədbirləri həyata keçirilmişdir.
Lakin bütün bu görülən işlərə baxmayaraq Kəpəz Bələdiyyəsinin fəaliyyətində nöqsanlar da yox deyildir. Bunlardan başlıcası kimi bələdiyyə komissiyalarının az təşəbbüslərlə çıxış etmələrini, iclaslarda passiv iştirak etmələrini göstərmək olar.
Bu gün hər bir bələdiyyə üzvü daim yerlərdə olmalı, seçicilərin qaldırdıqları məsələlərin dərinliyinə varmalı, ortaya çıxan problemlərin səmərəli həlli üçün əməli təkliflər verməli, konkret işlər görməlidir. Komissiya üzvləri öz fəaliyyətlərini canlandırmalı, fəallığını artırmalıdırlar.
İqtisadi inkişafa təkan verəcək yeni iş yerlərinin yaradılması, mənzil-istismar və kommunal xidmətlərinin yaxşılaşdırılması, sosial və ekoloji problemlərin aradan qaldırılması, maliyyə mənbələrinin artırılması istiqamətində daim axtarışda olmaq, yeni–yeni təkliflər vermək, bu işlərin həyata keçirilməsi üçün hər bir komissiya üzvü və bələdiyyə qulluqçusu bundan sonra da öz qüvvə və bacarığını maksimum səfərbər edərək əlindən gələni əsirgəməyəcəkdir.
|
||||
|
Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır |
||||
|
|