Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin 2005-ci il ərzində gördüyü işlər haqqında hesabat

 

Demokratiyanın atributlarından biri sayılan və Respublikamızda əsası ümummilli liderimiz  Heydər Əliyev Cənabları tərəfindən qoyulmuş bələdiyyələrə  2004-cü il dekabr ayının 17-də  çoxmandatlı seçki əraziləri üzrə keçirilmiş   seçkilərdə Gəncə şəhərinin Kəpəz rayonunda yerli özünüidarəni həyata keçirən Kəpəz Bələdiyyəsinə vətəndaşların sərbəst və gizli səsverməsi yolu ilə 19 nəfər bələdiyyə üzvü seçilmişdir.

 

Bu məqsədlə Kəpəz Bələdiyyəsinin ilk iclaslarında yerli büdcə, iqtisadi inkişaf, sosial, hüquq, ekologiya və mənzil-istismar, abadlaşdırma məsələləri üzrə daimi komissiyaları yaradlımış, Bələdiyyə İcra aparatının strukturu, iş reqlamenti və ştat vahidləri təsdiq edilmişdir.

 

Regionların sosial–iqtisadi inkişafı, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev  Cənablarının apardığı gərgin və məqsədyönlü işdə bələdiyyələrin rolunun və səlahiyyətlərinin artırılması məqsədilə növbəti beş illik  dövrdə  bələdiyyənin torpaq fondunun və əmlakının formalaşdırılması, sakinlərə göstərilən sosial və kommunal xidmətlərin yaxşılaşdırılması, bələdiyyə ərazisində geniş abadlıq və təmizlik tədbirlərinin aparılması, əlavə maliyyə mənbələrinin tapılması və bələdiyyə büdcəsinin artırılması Kəpəz Bələdiyyəsinin ən öndə duran vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

 

Həmin vəzifələrin həyata keçirilməsi ilə əlaqədar bələdiyyə torpaqlarının və bələdiyyə mülkiyyətinə veriləcək əmlakın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti, Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş mərkəzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, şəhər və rayon İcra Hakimyyətləri ilə birgə təşkilatı tədbirlər görülmüş, bələdiyyə büdcəsinin artırılması üçün gündüz ödənişli avtomobil dayanacaqlarının fəaliyyətinə nəzarət gücləndirilərək onların sayı artırılmış, bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərin müddətli istifadəsində olan torpaq sahələrinin inventarlaşdırılması işi sürətləndirilmiş, vergi ödəyicilərinin qeydiyyatının daha da təkmilləşdirilməsi məqsədilə Bələdiyyə İcra aparatının  «Vergi–ödənişlər və nəzarət» şöbəsində fiziki şəxslərin əmlak və torpaq vergisinin uçotu və analizi ilə bağlı verilənlər bazasının kompüter üçün hesablama proqramı yaradılmışdır.

 

Görülmüş  bir sıra tədbirlərin nəticəsi olaraq 2005-ci il ərzində fiziki şəxslərin fərdi evləri və həyatyanı sahələrinə görə toplanmış 45282.22 manat  əmlak və torpaq vergiləri keçən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, hüquqi və fiziki şəxslərin əkin və sahibkarlıq obyektlərinin altındakı torpaq sahələrinə görə – 9667,98 manat  torpaq haqqı  6,3 dəfə, ödənişli dayanacaqlardan - 3984 manat rüsum haqqı 2,4 dəfə artırılmışdır.

 

Ümumilikdə 2006-cı il yanvar ayının 1–nə olan olan vəziyyətə görə Kəpəz Bələdiyyəsinin büdcəsi 82910 manat  təşkil etmişdir  ki, bu da 2005-ci ilin büdcə gəlirlərindən, nəqliyyat vasitələrindən keçən il büdcəyə daxil olmuş  əmlak vergisi istisna olmaqla, 1,5 dəfə artıqdır.

 

 Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə əlaqədar 2005-ci il yanvar ayının 1-dən nəqliyyat vasitələrindən tutulan əmlak vergisinin  bələdiyyə büdcəsindən alınaraq  dövlət büdcəsinə verildiyi nəzərə alınaraq yerli büdcənin daha da artırılması və əlavə maliyyə mənbələrinin yaradılması məqsədilə bələdiyyə ərazisində vətəndaşların bağ evlərinin əmlak və torpaq vergisinə cəlb edilməsi üçün inventarizasiyası, iki və çoxmərtəbəli, çoxmənzilli binalarda yaşayan fərdi və kooperativ qaraj sahiblərinin torpaq haqqına cəlb edilməsi  üçün qeydiyyata alınması, hüquqi və fiziki şəxslərin müddətli istifadəsində olan torpaq sahələrinə icarə müqavilələrinin bağlanması, qeyri-qanuni istifadə edilən və boşaldılması mümkün olmayan torpaq sahələrinin icarə əsasında və yaxud alqı-satqı qaydasında rəsmiləşdirilməsi istiqamətində  bir sıra tədbirlər görülmüş, bələdiyyənin gündüz ödənişli avtomobil dayanacaqları şəbəkəsi daha da genişləndirilmişdir.

 

Bütün bunlarla yanaşı Kəpəz Bələdiyyəsinə müraciət etmiş bir qrup vətəndaşa aztəminatlı kateqoriyadan olduqları nəzərə alınaraq bələdiyyə üzvlərinin ümumi yığıncağının qəraraına əsasən vergi güzəştləri verilmişdir.

 

Bələdiyyə ərazisində əmlak vergisindən yayınan 5000 yaxın fərdi yaşayış və bağ evinin, fiziki şəxslərin sahibkarlıq obyektlərinin qiymətləndirilməsi məqsədilə Kəpəz Bələdiyyəsinin nəzdində yaradılacaq «Əmlak» MMC nizamnaməsi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər şöbəsinə göndərilmişdir.

Əmlak vergisindən yayınan evlərin bələdiyyədə qeydiyyata alınmasında Kəpəz Bələdiyyəsinin fəaliyyəti dövründə ilk dəfə olaraq təşkil etdiyi məhəllə komitələri mühüm rol oynamışlar.

 

«Bələdiyyələrin məhəllə komitələri haqqında nümunəvi əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq 2005 –ci ildə Kəpəz Bələdiyyəsi öz səlahiyyətlərinə aid olan məsələlərin həllinə kömək məqsədilə «Savalan», «Sevinc», «Nətavan», «Dəmiryol altı», «Sadıllı», «Avtozavod» qəsəbələrində 17 məhəllə komitəsi yaratmışdır.

 

Hesabat dövründə həmin məhəllə komitələrinin təşəbbüsü və Kəpəz bələdiyyəsinin  bilavasitə rəhbərliyi ilə «Sevinc» qəsəbəsində qeyri–qanuni bağlanmış küçələrarası keçid bərpa edilmiş, «Avtozavod» yaşayış massivində keçirilmiş reydlər nəticəsində  kütləvi torpaq zəbt olunmalarının və qanunsuz tikintilərin qarşısı qismən alınmış, «Savalan» qəsəbəsində M. A. Abbaszadə küçəsindən İstambul küçəsinə keçid rolu oynayan pilləkən təmir edilmiş, «Dəmiryol altı» qəsəbəsinə şəhərdaxili sərnişindaşıma marşrutu açılmış, bələdiyyə ərazisində yol hərəkətinin təhlükəsizliyini tənzimləyən qurğular bələdiyyənin hesabına şəhər yol polisi əməkdaşlarının iştirakı ilə təmir edilmişdir.

 

Bundan başqa məhəllə komitələrinin üzvləri yerlərdə sakinlərin su təminatında yaranmış problemlərin aradan qaldırılmasında, yerli vergi və ödənişlərin toplanmasında, bələdiyyənin fəaliyyətinə dair əhali arasında izahat və təbliğat işlərinin aparılmasında Kəpəz Bələdiyyəsinə yaxından köməklik edirlər.

 

Onu da qeyd etmək lazımdır ki, Kəpəz Bələdiyyəsi, onun İcra aparatı məhəllə komitələrinin, bələdiyyə ərazisində yaşayan ayrı-ayrı vətəndaşların ərizə və şikayətlərinə qayğı və həssaslıqla yanaşmaqla bu müraciətlərin vaxtında və müsbət həll olunması üçün yüksək tələbkarlıq göstərmişdir.

 

Belə ki, 2005-ci ildə Kəpəz Bələdiyyəsinə 301 ərizə daxil olmuş, məzmununa görə torpaq sahəsinin icarəyə verilməsi,  əmlak və torpaq vergisindən azad edilməsi, fərdi və bağ evlərinin tikintisi üçün torpağın ayrılması, müvafiq işlə təmin edilməsi, maddi köməklik göstərilməsi və sair xarakterli ərizələrə baxılaraq ərizəçilərə müvafiq cavab və izahatlar verilmişdir.

 

Ehtiyac içərisində yaşayan vətəndaşların sosial durumunun yaxşılaşdırılması, istedadlı uşaqların təhsilinə, gənc  idmançılara, görkəmli elm və mədəniyyət xadimlərinə, hərbi hissələrə mənəvi və maddi köməkliklərin göstərilməsi, milli və dini bayramlar ərəfəsində bələdiyyə ərazisində kütləvi mədəni, idman- sağlamlıq və xeyriyyə tədbirlərinin həyata keçirilməsi Kəpəz Bələdiyyəsinin, onun yanınıda fəaliyyət göstərən yerli sosial məsələlər üzrə daimi komissiyasının gündəlik işində ən başlıca yer tutmuşdur.

 

Qeyd etmək lazımdır ki, bu işlərin görülməsi üçün Kəpəz Bələdiyyəsinin büdcəsindən 2005-ci ildə  6590 manatadək vəsait xərclənmişdir.

 

Belə ki, daimi komissiyanın təklif və rəyi nəzərə alınaraq  bələdiyyə sakini Əliyeva Vəfa Sadıq qızına 120 manat birdəfəlik, təhsilinin davam etdiriliməsi üçün hər ay 10 manat məbəlğində maddi köməklik göstərilmişdir.

 

Kikboksinq üzrə Dünya çempionatında fəxri yerləri tutmuş idmançılar E. Salmanov, E. Bayramov və onların məşqçisi İ. Alıyevin mükafatlandırılmış, «Novruz bayramı» ərəfəsində Uşaq evində valideyn himayəsindən məhrum olmuş 120 nəfər uşağa, 8 saylı internat evində 150 nəfər kimsəsiz ahıla bayram süfrələri təşkil edilmiş  və bayram sovqatları verilmişdir, onlar tibbi müayinədən keçirilmişdir, «9 May Qələbə günü»nün 60-cı ildönümü münasibəti ilə müharibə veteranlarına  maddi köməklik göstərilmiş, bələdiyyə ərazisindəki «Qələbə» parkında onlar üçün bayram süfrələri təşkil edilmiş, «20 Yanvar» ,  «Xocalı» faciəsinin ildönümü günlərində şəhid və Qarabağ əlillərinə, Hacıkənd  qəsəbəsində sığınacaq tapmış məcburi köçkün ailələrinə ehsan süfrələri açılmış, bələdiyyə ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə «Qurban bayramı»nda qurban payları çatdırılmış, «Ramazan bayramı»nda iftar süfrələri təşkil edilmişdir.

 

Bələdiyyələrin vəzifələri  və fəaliyyəti ilə bağlı məlumatların əhaliyə çatdırılması məqsədilə Kəpəz Bələdiyyəsi tərəfindən şəhərin mərkəzi kitabxanasında bələdiyyə guşəsi yaradılmış, kitabxananın fonduna bələdiyyə qanunvericiliyinə aid kitablar verilmiş, qəzetə abunə yazılışı təşikl edilmişdir.

 

YUNESKO-nun Xoşməramlı səfiri, xanım Mehriban Əliyevanın milli mədəniyyətimizin təbliği və inkişafı istiqamətində apardığı işlərə cavab olaraq «Novruz bayramı»nın son çərşənbə günü bələdiyyə ərazisində yerləşən  «İnşaatçılar» mədəniyyət sarayında bayram süfrələri təşkil edilmiş, gənc muğam sevərlərin ifasında şəhər ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə «Muğam axşamı» keçirilmişdir, tədbir iştirakçılarına muğam və onun bölmələri haqqında  məlumat xarakterli bukletlər paylanmışdır.

 

«Yeni il bayramı» ərəfəsində H. Əliyev meydanınında şəhərdə yoxsulluq şəraitində yaşayan ailələlərə, H. Əliyev prospektində  yerləşən «Turan» müəssisəsində məktəbli uşaqlara bayram süfrələri açılmışdır, Gəncə Dövlət  Kukla Teatrında yaz tətil günlərində uşaqlar üçün Kəpəz Bələdiyyəsinin hesabına 3 gün tamaşalar verilmiş, yeni il ərəfəsində 1000 nəfər aztəminatlı ailədən olan məktəbli uşağa hədiyyəli dəvətnamələr paylanmışdır.

 

 Yay tətil günlərində məktəbli uşaqların asudə  vaxtının səmərəli təşkili, futbolun kütləvi inkişafı məqəsdi ilə bələdiyyə ərazisində «Kəpəz Bələdiyyəsinin kuboku» uğrunda məhəllələrararası uşaq futbol yarışları keçirilmiş, şəhərin mərkəzi stadionunda 5 günlük «Həvəskar Açıq Uşaq Futbol Məktəbi» təşkil edilmişdir.

 

Qeyd etmək lazımdır ki, bütün bu tədbirlər haqqında yerli televiziya kanalları vasitəsilə əhaliyə məlumat verilmişdir və tədbirlərdən hazırlanan videolent yazıları Kəpəz Bələdiyyəsinin arxivində saxlanılır.

 

Son vaxtlar Gəncə şəhərində aparılan geniş abadlıq və yenidənqurma işlərinə də Kəpəz bələdiyyəsi biganə qalmamış və öz tövhəsini vermişdir.

 

Belə ki, yaz-yay mövsümünün başlanması ilə əlaqədar, milli bayramlar ərəfəsində bələdiyyə ərazisindəki mərkəzi küçələrdə (H. Əliyev, M. Hacıyev, Ş. İ. Xətai, N. Nərimanov, D. Qorqud, Z. Hacıyev və s.), D. Qorqud və F. Əmirov küçələri arasında, Ş. Hüseynov küçəsində, H. Əliyev prospekti ilə V. Xuluflu küçəsinin və M. A. Abbaszadə küçəsi   ilə N. Nərimanov küçəsinin  kəsişməsində  yerləşən istirahət bağlarında, Kəpəz Bələdiyyəsinin yerləşdiyi inzibati binanın ətrafında  abadlıq və təmizlik işləri aparılmış, fəvvarələr və oturacaqlar təmir edilmiş, yeni ağaclar əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmiş, yolların asfalt beton örtüyünün əsaslı təmiri gedən yerlərdə fərdi yaşayış evlərinin, iki və çoxmərtəbəli binaların fasadlarında təmir və rəngsazlıq işləri görülmüşdür.

 

T. Arani küçəsinin I döngəsində ətraf bina sakinlərinin arzu və istəkləri nəzərə alınaraq Kəpəz bələdiyyəsinin vəsaiti hesabına uşaqlar üçün idman meydançası salınmış, əyləncə qurğuları quraşdırılmışdır.

 

2 №li Gəncə Peşə Litseyi rəhbərliyinin müraciəti nəzərə alınaraq 2005-ci  tədris ilinin başlanması ilə  əlaqədar litseyin cari təmirinə köməklik göstərilmişdir.

 

Ümumillikdə 2005-ci ildə bələdiyyə ərazisində 42040.46 manat məbləğində abadlıq – təmir tədbirləri həyata keçirilmişdir.

 

2005-ci il ərzində Kəpəz bələdiyyəsi beynəlxalq əməkdaşlıq və bələdiyyələrarası əlaqələr sahəsində də müəyyən işlər görmüşdür.

 

Azərbaycanda fəaliyyət göstərən İFES, İREX, Açıq Cəmiyyət İnstitutu Yardım fondu kimi qeyri-hökümət təşkilatları ilə əlaqələr yaradılmış, onların nümayəndələri ilə Kəpəz Bələdiyyəsində görüşlər keçirilmişdir.

 

«Ətraf mühütün mühafizəsinin yerli fəaliyyət planları» Proqramı çərçivəsində şəhərdə ekoloji durumun  yaxşılaşdırılması məqsədi ilə Kəpəz Bələdiyyəsi tərəfindən ümumi smeta dəyəri 18400 manatadək olan «Gəncə çayının sağ sahilindəki ərazinin yaşıllaşdırılması» layihəsi hazırlanmış və layihə maliyyələşdirilməsi üçün Qafqaz üçün Regional Ekoloji Mərkəzin Tbilisi şəhərindəki baş ofisinə təqdim edilmişdir.

 

İqtisadi inkişafa təkan verəcək yeni iş yerlərinin yaradılması, mənzil–istismar və kommunal xidmətlərin yaxşılaşdırılması, sosial və ekoloji problemlərin aradan qaldırılması istiqamətində Kəpəz Bələdiyyəsi yeni-yeni layihələr hazırlayır və bu işlərin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

 

Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin Sədri:

  T. Ə. Quliyev.  

 

Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi

Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır