|
|
||||
|
Dinamik tərəqqi yolunda olan dövlətimizin günü-gündən möhkəmlənməsi və ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi olaraq bütün sahələrdə olduğu kimi,yerli özünüidarəetmə sahəsində də bir impuls, dinamizm özünü göstərməkdədir.
Gəncə şəhərinin Kəpəz rayonunda yerli özünüidarəni həyata keçirən Kəpəz bələdiyyəsi öz işini bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun olaraq qurur və şəhərin sosial -iqtisadi inkişafı, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində üzərinə düşən vəzifələrin həyata keçirilməsi üçün müvafiq tədbirlər görməkdədir.
Bu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 2007-ci ilin altı ayı ərzində bələdiyyə ərazisində vətəndaşların həyat ehtiyaclarının tam və keyfiyyətli ödənilməsi, onlara göstərilən sosial və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi Kəpəz Bələdiyyəsinin ən öndə duran vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
Ötən müddət ərzində bələdiyyənin iş planında nəzərdə tutulmuş müxtəlif məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edilərək 41 qərar qəbul edilmiş ,qərarlardan çıxarışlar tədbir görülməsi üçün Bələdiyyənin icra aparatına,idarə–müəssisə və təşkilatlara göndərilmişdir.Bələdiyyə iclasları protokollaşdırılmış və bir nüsxəsi inzibati nəzarət qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinə təqdim edilmişdir.
Cari ildə Kəpəz Bələdiyyəsinin daimi komissiyalarının fəaliyyəti güclənmiş, komissiya üzvləri şəhərdə həyata keçirilən təmizlik,abadlıq, yaşıllaşdırma, mədəni-kütləvi tədbirlərin hazırlanması və keçirilməsində, vətəndaşların müraciətlərinə baxılmasında fəal iştirak etmişdir.
Kəpəz bələdiyyəsi öz fəaliyyətində əsas diqqəti bələdiyyə büdcəsinin formalaşdırılmasına, toplanmış vəsaitdən səmərəli və məqsədyönlü istifadə edilməsinə yönəltmişdir.Bələdiyyə icra aparatının "Vergi-ödənişlər,nəzarət" şöbəsi tərəfindən vergi ödəyicilərinin siyahıları dəqiqləşdirilmiş,yerli ödənişlərin yığılmasına diqqət artırılmış,vergi borcları olanlara bildirişlər və xəbərdarlıq məktubları göndərilməkdədir.Görülmüş bir sıra tədbirlərin nəticəsi kimi göstərmək olar ki,cari ilin altı ayı ərzində büdcəyə 26900 manat fiziki şəxslərin əmlak və torpaq vergisindən,75900 manat torpaq icarəsindən,49999 manat bələdiyyə torpağının satışından, 1200 manat avtomobil dayanacaqları rüsumundan vəsait daxil olmuşdur. Ümumilikdə,2007-ci ilin iyul ayının 1-nə olan vəziyyətə görə Kəpəz bələdiyyəsi büdcəsinin gəlir hissəsi 153999 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Lakin bütün bunlarla yanaşı bələdiyyə büdcəsinin formalaşdırılmasında çatışmazlıqlarda vardır. Belə ki, bələdiyyə ərazisində vətəndaşların fərdi və bağ evlərinin torpaq sahələrinin inventarlaşdırılması,onların əmlak vergisinə cəlb edilməsi üçün qiymətləndirilməsi, hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsində olan torpaq sahələrinə icarə müqavilələrin bağlanması işi başa çatdırılmamış,gündüz ödənişli avtomobil dayanacaqlarının fəaliyyətinə nəzarət zəiflədiyinə görə dayanacaqlardan yerli büdcəyə daxil olan rüsumlar 1,5 dəfə azalmışdır.
Mövcud nöqsanları aradan qaldırmaq və vergi yığımının səmərəliliyini artırmaqla bələdiyyə büdcəsinə daha da artıq vəsait toplamaq olardı.
Əldə olunmuş gəlir əsasən şəhərimizdə aparılan abadlıq və quruculuq işlərinə, yay mövsümündə istirahət ocaqlarının fəaliyyətinin daha gözəl qurulması,bayram və digər əlamətdar günlərdə mədəni-kütləvi tədbirlərin keçirilməsi,aztəminatlı ailələrə,istedadlı uşaqların təhsilinə,gənc idmançılara, görkəmli elm işçilərinə mənəvi və maddi köməklik göstərilməsi, bələdiyyə qulluqçularının əmək haqlarının artırılmasına,mükafatlandırılmasına və.s kimi istiqamətlərə yönəldilmişdir.
Belə ki, ümumşəhər iməciliklərində fəal iştirak etmiş Kəpəz bələdiyyəsi ərazisindəki mərkəzi küçələrdə (Heydər Əliyev,N.Nərimanov ,Ş.İ.Xətai,Atatürk prospektlərində,M.A.Abbaszadə,Ə.Əliyev,R.Qasımov, Azərbaycan Əsgəri, Z. Hacıyev, Üz.Hacıbəyov və s. küçələrdə) fərdi yaşayış evlərin, binaların, sahibkarlıq obyektlərinin fasadlarında təmir-rəngsazlıq işləri görmüş, yay mövsümünə hazırlıq məqsədi ilə əhalinin daha sıx yaşadığı ərazilərdə - D.Qorqud və F.Əmirov küçələri arasında olan və Gəncə çayının sağ sahilində , M.Hadinin abidəsinin ətrafında yerləşən istirahət bağlarında abadlıq-təmizlik işləri aparmış, oturacaqları təmir etmiş,yeni zibil qutuları quraşdırmış, ağaclar və səki daşları əhəng məhlulu ilə rənglənmişdir. "Füzuli" bağında fəvvarələrin divarları mər-mər tavalarla üzlənmiş, döşəmələri mər-mər qırmadaş-çınqıl ilə düzəldilmiş,su nasosları təmir edilmişdir.Bu işlərin görülməsi üçün Kəpəz Bələdiyyəsinin büdcəsindən cari ildə 71272 manat vəsait xərclənmişdir.
Kəpəz bələdiyyəsi yanında fəaliyyət göstərən yerli sosial inkişaf və sosial müdafiə daimi komissiyasının təklif və rəyləri nəzərə alınaraq ötən müddət ərzində 25 nəfər aztəminatlı kateqoriyadan olan bələdiyyə sakininə 1825 manat maddi köməklik göstərilmiş, "Məhsul" İdman Cəmiyyətinin bir qrup perspektivli idmançılarına 700 manat məbləğində mükafatlar təqdim edilmişdir.
Yay tətili günlərində məktəbli uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə şəhərdə fəaliyyət göstərən idman cəmiyyətləri ilə birgə məhəllələrarası futbol yarışları təşkil edilmiş ,qalib komandalara hədiyyə alınması üçün vəsait ayrılmışdır.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə "Türk oğlu 17-ci hücuma hazır ol" kitabının və elm sahəsində ehtiyac duyulan İ.N.Cəfərovun "Ümumi fitopatologiya" kitabının hazırlanması və nəşr etdirilməsi üçün yerli büdcədən 1091 manat vəsait ayrılmışdır.
"Xocalı faciəsi"nin ildönümü ərəfəsində şəhər sakinlərinə Kəpəz Bələdiyyəsinin maliyyə dəstəyi ilə Gəncə Dövlət Nizami Poeziya teatrında "Dərd yükü" tamaşasının təqdimatı keçirilmişdir.
"Novruz" və "Yeni il" bayramları ərəfəsində Gəncə Dövlət Kukla teatrında aztəminatlı ailələrdən olan və təhsildə fərqlənən 1000 nəfər məktəbliyə bələdiyyənin hesabına tamaşalar verilmiş ,bayram hədiyyələri paylanmışdır.
Böyük Vətən müharibəsində Qələbənin 62-ci ildönümü münasibəti ilə müharibə və əmək veteranları ilə görüş keçirilmiş,rayonun ictimai və mədəni həyatında fərqlənən bir qrup veterana maddi köməkliklər göstərilmişdir.
Kəpəz Bələdiyyəsi Uşaq Fondunun Gəncə şəhər təşkilatının nəzdində fəaliyyət göstərən Reabilitasiya mərkəzinə üzv olan əqli və fiziki cəhətdən zəif inkişaf etmiş uşaqlara "Novruz" bayramında "İpək yolu" şənlik evində ,"1İyun-Uşaqların müdafiəsi günü" münasibətilə "Planet" şadlıq sarayında şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şənliklər keçirmiş,bayram süfrələri təşkil etmiş ,uşaqlara bayram hədiyyələri təqdim etmişdir.
Uşaq Fondu ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli inkişafını təmin etmək məqsədilə Kəpəz bələdiyyəsi Azərbaycanın misgərlik, dulusçuluq, toxuculuq kimi qədim əl sənətlərindən ibarət uşaqlar üçün "İş mərkəzi"-nin yaradılmasını planlaşdırır .Bu məqsədlə M.Xələfov küçəsi,18 saylı ünvanda yerləşən inzibati binanın arxa tərəfinə bitişik,tikintisi yarımçıq qalmış və bərbad vəziyyətdə olan binanın Kəpəz Bələdiyyəsinin istifadəsinə verilməsi barədə rayon İcra hakimiyyətindən razılıq əldə edilmişdir.
Ümumilikdə,2007-ci ilin altı ayında bələdiyyə büdcəsindən vətəndaşlara maddi köməklik məqsədilə 2515 manat,mədəni və xeyriyyə tədbirlərinin keçirilməsi üçün 7616 manat xərclənmişdir.
Kəpəz Bələdiyyəsi öz işini günün tələblərinə uyğun qurmaq,yerlərdə sakinləri narahat edən problemlərin operativ həllini təmin etmək üçün əhali ilə məhəllə komitələri vasitəsi ilə sıx ünsiyyət saxlayır.Bələdiyyə ərazisində fəaliyyət göstərən 23 məhəllə komitəsi ərazidə sakinlərin arzu və ehtiyaclarının öyrənilməsində,mövcud problemlərin həllində bələdiyyənin ən yaxın köməkçisidir.
Belə ki, məhəllə komitələrinin köməyi və bilavasitə təşkilatçılığı ilə "Natəvan" qəsəbəsində məhəllədaxili yolların bir hissəsinə qırmadaş-çınqıl döşənmiş,qəsəbəyə şəhərdaxili sərnişindaşıma marşrutu açılmışdır.
"Poçt qutusu" qəsəbəsində, Aydınbəyov küçəsindəki çoxmərtəbəli yaşayış massivinə giriş hissəsində olan arxın üstündən keçən körpü təmir edilmiş, ərazidə təmizlik işləri görülmüş, səliqə-səhman yaradılmışdır.
Kəpəz bələdiyyəsi,onun daimi komissiyaları və icra aparatı tərəfindən vətəndaşların qəbulu,onların müraciətlərinə baxılmasına diqqət artırılmışdır. Qəbul edilmiş vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, şikayətlərin həlli üçün tədbirlər görülmüşdür.
Ötən müddət ərzində Kəpəz Bələdiyyəsinə vətəndaşlardan müxtəlif məsələlərə dair 295 ərizə daxil olmuş,onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə cavablar verilmişdir.
Bütün bunlarla yanaşı,Kəpəz bələdiyyəsini narahat edən problem və çatışmazlıqlar da vardır.Bələdiyyənin mülkiyyətində torpaq fondunun olmaması vətəndaşlar tərəfindən torpaq sahəsi ayrılmasına dair daxil olan müraciətlərin sayını artırmışdır.
Bələdiyyə ərazisində lokal ekoloji və kommunal problemlərin həllinə beynəlxalq donor təşkilatların maliyyəsini cəlb etmək məqsədilə Göy-Göl stasionar ekoloji monitorinq stansiyasının yaradılması üçün layihənin işlənməsinə-590 manat, artezian quyularından çıxan suların ekoloji vəziyyətinin təyin edilməsi üçün lazım olan avadanlıqların alınmasına şəhərdə fəaliyyət göstərən Ekologiya fonduna 3000 manat vəsait ayrılmışdır.
Son vaxtlar Kəpəz Bələdiyyəsi apardığı çoxşaxəli fəaliyyəti ilə yanaşı Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının işində də fəal iştirak edir və bununla respublikamızda yerli özünüidarəetmə institutunun inkişafına öz tövhəsini verir.Respublika Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqında 2005-ci ildən şəhər bələdiyyələrinin fəaliyyəti təhlil edilmiş və ən öndə gedən,yaxşı nəticələr və müsbət göstəricilər əldə edən kollektivlərdən biri kimi Kəpəz Bələdiyyəsi Həmkarlar İttifaqının "Bələdiyyə bayrağı " fəxri döş nişanı ilə təltif edilmişdir.
Bu gün respublikamızda yüksək templə müşahidə olunan sosial –iqtisadi inkişafda bələdiyyələrində fəal iştirakı,layiqli payı vardır.27 iyun 2007-ci il tarixdə Bakı şəhərində Prezidentin İcra Aparatının məsul işçiləri,hökumət nümayəndələri, bələdiyyə sədrləri, Avropa şurasının və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə keçirilmiş Azərbaycanın sosial-iqtisadi inkişafında bələdiyyələrin iştirakına dair ümumrespublika toplantısı bunun bariz nümunəsidir.
Kəpəz Bələdiyyəsi 2007-ci ilin ikinci yarım illik dövründə ümumrespublika toplantısında söylənən nitq və çıxışlardan irəli gələn vəzifələrin həyata keçirilməsi, qarşıya çıxan problemlərin,çətinliklərin aradan qaldırılması məqsədilə zəruri olan tədbirlər görəcək, işinin səmərəliliyini yüksəltmək və fəaliyyətini gücləndirmək üçün daha fəal olacaqdır.
|
||||
|
Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır |
||||
|
|