Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin 2008-ci il ərzində gördüyü işlər haqqında hesabat

 

Dinamik tərəqqi yolunda olan dövlətimizin günü-gündən möhkəmlənməsi və ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sahəsində də bir impuls, dinamizm özünü göstərməkdədir.

 

Gəncə şəhərinin Kəpəz rayonunda yerli özünüidarəni həyata keçirən Kəpəz Bələdiyyəsi öz işini bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun olaraq qurur və şəhərin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində üzərinə düşən vəzifələrin həyata keçirilməsi üçün müvafiq tədbirlər görməkdədir.

 

2008-ci il ərzində Kəpəz Bələdiyyəsi ərazidə mədəni-kütləvi, idman, xeyriyyə tədbirləri ilə yanaşı bir sıra quruculuq, tikinti-təmir, abadlıq və təmizlik işləri görmüş, milli bayram və əlamətdar günlərdə əhalinin aztəminatlı təbəqəsi və qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirmiş, köməkliklər göstərilmişdir.

 

Kəpəz Bələdiyyəsi yanında fəaliyyət göstərən yerli sosial inkişaf və sosial müdafiə daimi komissiyasının təklif və rəyləri əsasında ötən müddət ərzində aztəminatlı kateqoriyadan olan bələdiyyə sakinlərinə maddi yardım, idmançıların mükafatlandırılması, idman, mədəni-kütləvi və xeyriyyə tədbirlərinin keçirilməsi məqsədilə yerli büdcədən 27521 manat vəsait xərclənmişdir.

 

Bələdiyyə ərazisində uşaqlar arasında idmanın kütləviliyinin artırılması üçün şəhərdə fəaliyyət göstərən idman cəmiyyətləri ilə birgə yarışlar təşkil edilmiş, qalib komandalara hədiyyələr alınıb verilmişdir.

 

Respublikanın yüksək liqasında çıxış etmək hüququnu qazanan Gəncə şəhərinin qadınlardan ibarət "Əczaçı" voleybol klubu Kəpəz Bələdiyyəsi tərəfindən himayəyə götürülmüş, komandaya "Kəpəz Bələdiyyəsinin emblemi" olan idman geyimləri və lazımi idman ləvazimatları verilmişdir.

 

"Yeni il" və "Novruz bayramı" ərəfəsində, məktəblilərin tətil günlərində Gəncə Dövlət Kukla teatrında təhsildə fərqlənən 1000 nəfər məktəbliyə bələdiyyənin hesabına pulsuz tamaşalar, bayram hədiyyələri paylanmışdır.

2№-li Gəncə Peşə Litseyi rəhbərliyinin müraciəti nəzərə alınaraq yeni dərs ilinin hazırlığına köməklik məqsədi ilə litseyin sinif otaqlarında, dəhlizdə Kəpəz Bələdiyyəsi tərəfindən cari təmir-rəngsazlıq işləri görülmüş, həyəti abadlaşdırılmışdır.

 

Böyük Vətən müharibəsində Qələbənin 63-cü ildönümü münasibətilə müharibə və əmək veteranları ilə görüş keçirilmiş, rayonun ictimai və mədəni həyatında fərqlənən bir qrup veterana maddi köməklik göstərilmişdir.

"1 İyun-Uşaqların müdafiəsi günü" münasibətilə Uşaq Fondunun Gəncə şəhər təşkilatında əqli və fiziki cəhətdən zəif inkişaf etmiş uşaqların əl işi nümunələrinin sərgisi təşkil edilmiş, uşaqlara bayram süfrələri açılmış, hədiyyələr təqdim edilmişdir.

 

Gəncə şəhər Mir Cəlal Paşayev adına 31 saylı məktəbin müraciətinə əsasən bir qrup İngiltərənin "Britiş Konsil" və "Yuvsport Trust" klubunda beynəlxalq müsabiqədə qalib çıxmış şagirdinə 1 İyun 2008-ci il tarixdə şəhərin "Sos kinder" uşaq mərkəzində öz layihələrini həyata keçirmək üçün 300 manat məbləğində maliyyə dəstəyi göstərilmişdir.

 

Cari ildə əhalinin sosial rifahı və mədəni həyatının yüksəldilməsi məqsədilə Kəpəz Bələdiyyəsi ərazisində olan mədəniyyət və istirahət bağlarında mütamadi olaraq iməcliklər keçirilmiş, əsaslı abadlıq-təmir işləri aparılmışdır. Əhalinin daha sıx yaşadığı ərazilərdə yerləşən "Füzuli" və "Fikrət Əmirov" bağlarında fəvvarələr işlək vəziyyətə salınmış, gecə işıqlandırma sistemi bərpa edilmiş, oturacaqların və kiçik həcmli zibil qutularının təmiri və yenilənməsi işləri təmin edilmişdir, ağaclara aqrotexniki qulluq göstərilimiş, isti günlərdə avtosisternlər vasitəsilə suvarılması aparılmış, qazon otları mütəmadi biçilmişdir. Gəncə çayının sağ sahilində, "Məhəmməd Hadi"nin büstünün ətrafındakı istirahət bağında səliqə-səhman yaradılaraq sakinlərin istifadəsinə verilmişdir.

 

İlin əvvəlindən tutulmuş tədbirlər planına əsasən bələdiyyə ərazisindəki mərkəzi küçələrdə – Heydər Əliyev, N.Nərimanov, Ş.İ.Xətai, Atatürk prospektlərində, M.A.Abbaszadə, Ə.Əliyev, R.Qasımov, Azərbaycan Əsgəri və sair küçələrdə binaların, fərdi yaşayış evlərinin fasad və hasarları sement məhlulu ilə hissələrlə təmir edilmiş, divarların xarici səthi rənglənmiş, ağaclar və səki daşları ağardılmışdır.

 

Regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq şəhər rəhbərliyinin apardığı geniş quruculuq, abadlıq və təmir işləri ilə yanaşı "Nümunəvi məhəllə"lər yaradılması təşəbbüsünə qoşulan Kəpəz Bələdiyyəsi "Alüminiumçular" qəsəbəsi, V məhəllə sakinlərinin arzu və istəklərini nəzərə alaraq məhəllədə yaşayışçılar üçün istirahət guşəsi yaratmış, uşaqlara idman və əyləncə qurğuları quraşdırmış, sakinlərin vəsaiti hesabına inşa edilmiş xeyir-şər mağarına mətbəx və sanitariya qovşağı tikərək ətrafını abadlaşdırılmışdır.

 

Kəpəz Bələdiyyəsi öz səlahiyyətlərinə aid məsələlərin həlli, yerlərdə vəziyyətin dəqiq araşdırılıb öyrənilməsi məqsədilə ərazidə yaratdığı məhəllə komitələri tərəfindən cari ildə qaldırılmış bütün məsələlər öz operativ həllini tapmışdır.

 

Belə ki, "Alüminiumçular" qəsəbəsi, T.Arani, I-döngə 4 saylı yaşayış binasının      və "Poçt qutusu" qəsəbəsi, Aydınbəyov küçəsi, 57 saylı yaşayış binasının qarşısında yerləşən və sakinlərin vəsaiti hesabına inşa edilmiş xeyir-şər mağarlarının dam örtükləri təmir edilmiş, köhnə asbest şiferlər yeniləri ilə əvəzlənmişdir.

 

Məhəllə komitələrinin təşəbbüsü ilə Avtozavod qəsəbəsində sakinlərin su təminatının yaxşılaşdırılması layihəsi üçün Kəpəz Bələdiyyəsi Respublikanın İqtisadi inkişaf fondundan maliyyə yardımına nail olunmuşdur. 2009-cu ilin I rübündə reallaşması nəzərdə tutulan həmin layihəyə görə qəsəbədə iki subartezian quyusu vurulacaq, fərdi evlərə su xətləri çəkiləcəkdir.

 

Kəpəz Bələdiyyəsi fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə daim axtarışdadır və yeni iş yerlərinin, bələdiyyə müəssisələrinin yaradılması üçün tədbirlər görməkdədir.

 

Bu məqsədlə Azərbaycanda işləyən bir çox müəssisələrin azot və oksigen qazlarına artan təlabatını nəzərə alaraq Kəpəz Bələdiyyəsi müasir standartlara cavab verən və böyük istehsal gücünə malik olan havaayırıcı qurğunun Rusiya Federasiyasından alınıb gətirilməsi, qurulması və onun bazasında "Temp" MMC ilə müştərək müəssisənin yaradılması istiqamətində konkret işlər görməkdədir.

 

Planlaşdırılan işlərin həyata keçirilməsində və bələdiyyə fəaliyyətinin daha da genişləndirilməsində bələdiyyənin maliyyə əsasları mühüm rol oynayır.

 

Ötən müddət ərzində bələdiyyə büdcəsinin gəlir hissəsi 206757 manat təşkil etmişdir. Büdcənin təhlili göstərir ki, 2008-ci ildə büdcə gəliri keçən ilin müvafiq dövrü ilə müqaisədə 1,3 dəfə azalmışdır ki, bu da "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları vasitəsilə əldə edilə bilməsi ilə əlaqədar qaydaların təsdiqinin gecikməsi ilə izah olunur.

 

Buna baxmayaraq büdcənin artmasına nail olmaq üçün bələdiyyənin kifayət qədər maliyyə imkanları vardır.

 

Lakin Kəpəz Bələdiyyəsi öz ərazisində yerli əhəmiyyətli tikinti materialları hasil etməklə fəaliyyət göstərən, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən və reklam yayımı həyata keçirən hüquqi və fiziki şəxslərin vergi və ödənişlərə cəlb edilməsi işini təşkil edə bilməmişdir, bu da yekun nəticədə büdcənin formalaşdırılmasına öz mənfi təsirini göstərmişdir.

 

Ümumiyyətlə, indiyədək Gəncə şəhərində dövlət fondundan bələdiyyə mülkiyyətinə torpağın və daşınmaz əmlakın qanunvericiliyə uyğun təhvil verilməməsi bələdiyyə fəaliyyətinin tam gücü ilə həyata keçirilməsində çətinliklər yaradır.

 

Bunlara baxmayaraq Kəpəz Bələdiyyəsi səmərəli fəaliyyəti üçün öz səlahiyyətləri çərçivəsində inzibati hüdudları daxilində tədbirlər görməkdədir.

 

Belə ki, sahəsi 700 ha yaxın olan ərazinin, o cümlədən "Avtozavod",  "Sevinc", "Natavan" və "Məhsəti" qəsəbələrinin 1:2000, 1:5000 miqyasda mövcud vəziyyət  planını  əks  etdirən  xəritələri  hazırlanmışdır,  oradakı  torpaq sahələrinin sahibləri, ilkin torpaq ayırma sənədləri haqqında məlumatlar xüsusi yaradılmış komissiya tərəfindən araşdırılır.

 

Cari ildə Kəpəz Bələdiyyəsinin daimi komissiyaları və icra aparatı tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasına diqqət artırılmışdır. Qəbul edilmiş vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, şikayətlərin həlli üçün tədbirlər görülmüşdür.

 

Ötən müddət ərzində Kəpəz Bələdiyyəsinə vətəndaşlardan müxtəlif  məsələlərə dair 553 ərizə daxil olmuş, onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə cavablar verilmişdir.

 

Kəpəz Bələdiyyəsi öz fəaliyyəti və gördüyü işlər haqqında seçicilərlə ərazidə keçirilən görüşlərdə, təşkil edilmiş  "Demokratiya həftəsi"ndə onları məlumatlandırmış, illik hesabatını mətbuat orqanlarında dərc etdirmişdir.

 

Son vaxtlar Kəpəz Bələdiyyəsinin apardığı çoxsahəli fəaliyyəti Respublika Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqında təhlil edilərək öz layiqli qiymətini almışdır. Belə ki, 2006-cı ildə ən öndə gedən, yaxşı nəticələr və müsbət göstəricilər əldə etmiş kollektivlərdən biri kimi Həmkarlar İttifaqının "Bələdiyyə bayrağı" fəxri döş nişanı ilə təltif edilmiş Kəpəz Bələdiyyəsi 2007-ci ildə əldə etdiyi nailiyyətlərə və həmkarlar  təşkilatına göstərdiyi qayğıya görə "Qabaqcıl Bələdiyyə bayrağı" almış, 2008-ci ildə isə "Ümumdünya əməyin mühafizəsi gününə" həsr olunmuş "Layiqli iş yeri" devizi ilə Respublika baxış müsabiqəsində ən yaxşı nəticələrə görə "Diplom" və pul mükafatları ilə mükafatlandırılmışdır.

 

Bu gün bələdiyyələr ərazilərinin sosial-iqtisadi inkişafında yaxından iştirak etməli, seçicilərin etimadını doğrultmaq üçün yerli problemlərin həlli istiqamətində əməli tədbirlər həyata keçirməlidirlər. Bu məqsədlə bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi vacibdir.

 

Kəpəz Bələdiyyəsi bundan sonra da şəhərin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəkdir.

 

Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin Sədri:

  T. Ə. Quliyev.  

 

Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi

Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır