Qanunvericilik və sərəncamlar

 

Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

  2. Bu Qanun dərc etdiyi gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2003-cü il N 478- IIQ


Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir

Bələdiyyələrinn vergi xidməti orqanı haqqında ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1 Bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir.

1.2 Bələdiyyələrin vergi xidməti orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, "Büdcə sistemi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının digər normatif hüquqi aktlarını, bələdiyyələrin qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3 Bu Əsasnamədə istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada təfsir edilir.


II.Bələdiyyələrin vergi xidməti orqanının təşkili.

2.1 Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyənin icra aparatını strukturunda yaradılır.
2.2 Ərazi, maliyyə imkanları, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin sayı və digər meyarlardan asılı olaraq bir neçə bələdiyyə saziş əsasında onlara xidmət göstərən vergi xidməti orqanı yarada bilər.Sazişdə vergi xidməti orqanının xidmət göstərdiyi bələdiyyələrin adı, sazişin qüvvədə olma müddəti, bələdiyyənin sazişdən çıxma şərtləri, vergi xidməti orqanının saxlanılması xərclərinin bələdiyyələr arasında bölgüsü qaydası göstərilməlidir.
2.3 Bələdiyyələrə yerli (bələdiyyə) vergi və ödənişlərin düzgün hesablanmasında, tam məbləğdə və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə riayət edilməsində metodiki rəhbərlik müfaviq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.


III. Bələdiyyələrin vergi xidməti orqanının vəzifələri və hüquqları.

3.1 Bələdiyyələrin yerli xidməti orqanı aşağıdakı vəzifələri vardır:
3.1.1 Yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir;
3.1.2 Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər ganunlara müəyyən edilmiş qaydada alınmasını təmin edir;
3.1.3 Yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləlirinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir;
3.1.4 Yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin artıq ödədikləri məbləğlərin qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzləşdirilməsini təmin edir,
3.1.5 Qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin uçotunu aparır;
3.1.6 Müəyyən olunmuş müddətdə yerli (bələdiyyə) vergilərin və ödənişlərin toplanılması haqqında bələdiyyələrə hesabatlar və məlumatlar verir;
3.1.7 Yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərindən daxil olmuş sorğuların, müraciətlərin və təkliflərin qeydiyyatını aparır, onları qruplaşdırır və təhlil edir;
3.1.8 Səlahiyyətlərinə aid olan məsələlər üzrə bələdiyyələrə təkliflər verir;
3.1.9 Yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə yerli vergilərə dair normativ hüquqi aktlar və bələdiyyələrin qərarları barəda məlumat verir;
3.1.10 Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicilərinin vergi və kommersiya sirrini qoruyur;
3.1.11 Səlahiyyətinə aid məsələlər üzrə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə arayışlar və izahatlar verir;
3.1.12 Bələdiyyələrin qərarlarını icra edir;
3.1.13 Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.
3.2 Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır:
3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyyə bildirişi göndərmək;
3.2.2. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək;
3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək;
3.2.4. yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicilərinin ayrı-ayrı kateqoriyalarının bu vergi və ödənişləri ödəməkdən qanunvericiliyə müvafiq olaraq azad edilməsi yaxud onlara güzəştlərin tətbiqi barədə bələdiyyələrə təkliflər vermək;
3.3. Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriya-kurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştiraki barədə dövlət vergi orqanına müraciət etməlidir.


IV.Bələdiyyələrin vergi xidməti orqanının vəzifəli şəxsləri.

4.1 Bələdiyyələrin vergi xidməti orqanının vəzifəli şəxsləri bələdiyyə qulluqçularıdır.
4.2.Bələdiyyələrin vergi xidməti orqanının vəzifəli şəxsləri bələdiyyə sədrinin təqdimatı ilə bələdiyyə tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir.
4.3 Bələdiyyələrin vergi xidməti orqanının vəzifəli şəxsləri "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində bələdiyyə qulluqçuları üçün qulluqla bağlı qadağalar nəzərə alınmaqla, sahibkarlıq fəaliyyəti ilə və elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa, digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər.


V. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarətin təşkili.

5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli(bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir.
5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir.Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır.Qərarda dövlət vergi orqanının səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanın keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin(şəxslə rinin) adı, soyadı, atasının adı göstərilməlidir.
5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə,bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir.Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi,soyadı,atasının adı,yerli(bələdiyyə)verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat,müvafiq verginin və (və ya)ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunlarının konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir.Tərtib edilmiş akt bələdiyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir.
5.4.Ödəyici bələddiyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər.
5.5.Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə,həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəlməlumat verməlidir.Ödəyici(onun nümayəndəsi) üzürlü səbəb olmadan müzakirəyə gəlmədikdə,məsələyə onun iştirakı olmadan baxılır.
5.6.Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir.
5.7.Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndində müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin,müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir.
5.8.Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir.
5.9.Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə,bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir.
5.10.Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir.
5.11.Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla məhkəmələrə müraciət edirlər.
5.12.Məhkəmənin yerli(bələdiyyə)vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.


VI.Bələdiyyələrin vergi xidməti orqanı ilə yerli (bələdiyyə) vergilərin və
ödənişlərin ödəyicilərinin münasibətləri.

6.1. Bələdiyyələrin vergi xidməti orqanı ilə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin münasibətləri Azərbaycan Respublikası Vergi Məcəlləsinə, digər qanunvericilik aktlarına və bu Əsasnaməyə müvafiq olaraq həyata keçirilir.
6.2. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən), habelə bələdiyyənin qərarlarından, bələdiyyənin sədrinin (onun müavininin) hərəkətlərindən (hərəkətsizliyindən) müvafiq olaraq bələdiyyə sədrinə (onun müavininə), bələdiyyə şurasına və (və ya) məhkəməyə, digər səlahiyyətli dövlət orqanlarına şikayət etmək hüququ vardır. Bələdiyyə və bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsləri hüquqa zidd hərəkətləri və ya hərəkətsizliyi yaxud qərarları nəticəsində ödəyicilərə dəymiş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
6.3. Ödəyicinin bələdiyyə sədrinə (onun müavininə), yaxud bələdiyyə şurasına şikayət verməsi onun eyni vaxtda, yaxud sonradan məhkəməyə, digər səlahiyyətli dövlət orqanlarına müraciət etməsinə mane olmur.
6.4. Bələdiyyə vergi xidməti orqanının aktlarından, bələdiyyənin sədrinin (onun müavinin), bələdiyyə vergi xidməti orqanı vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən), habelə bələdiyyə qərarlarından şikayət müvafiq olaraq bələdiyyəninin sədrinə (onun müavininə), bələdiyyə şurasına yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisi tərəfindən öz hüqularının pozulduğunu bildiyi gündən 3 ay müddətində verilir. Ödəyici üzürlü səbəbdən bu bənddə göstərilən müddəti buraxmışdırsa, həmin müddət bələdiyyə sədri (onun müavini) tərəfindən bərpa edilə bilər.
6.5. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün tətbiq olunmaması barədə ödəyici tərəfindən şikayətin verilməsi onların ödənişi dayandırmır. Ödəyicinin şikayətinə baxılma müddətində ona tətbiq olunmuş maliyyə sanksiyalarını ödəməyə bilər.
6.6 Bələdiyyə tərəfindən yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicisinin şikayətinə həmin şikayət alındığı gündən 30 gün müddətində baxılmalıdır. Qəbul edilmiş qərar barəsində şikayətçiyə 10 gün ərzində yazılı məlumat verilməlidir.


VII. Bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinə nəzarət.

7.1. Bələdiyyənin vergi xidməti orqanının fəaliyyətinə nəzarət müvafiq bələdiyyə (bələdiyyələr) tərəfindən, habelə qanunvericiliklə müəyyən edilmiş digər qaydada həyata keçirilir.
7.2. Bələdiyyələrin vergi xidməti orqanlarının fəaliyyəti ildə bir dəfədən az olmayaraq müvafiq bələdiyyənin (bələdiyyələrin) iclasında müzakirə olunur və müzakirə nəticəsində qərar qəbul edilir.
7.3. Bələdiyyələrin vergi xidməti orqanının vəzifəli şəxsləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikası qanunlarının və digər normative hüquqi aktların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsulliyyət daşıyırlar.


"BƏLƏDİYYƏLƏRİN DAİMİ VƏ BAŞQA KOMİSSİYALARI HAQQINDA" ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ.


Azərbaycan Respublikasının
14 aprel 2000-ci il tarixli qanunu


Dərc edilmişdir: "Azərbaycan" qəzeti, 27 oktyabr 2000-ci il


Azərbaycan Respublikasının Milli Məclisi qərar alır:

  1. "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" əsasnamə təsdiq edilsin (əlavə olunur).

  2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının 14 aprel
2000-ci il tarixli qanunu ilə təsdiq edilmişdir


BƏLƏDİYYƏLƏRİN DAİMİ VƏ BAŞQA KOMİSSİYALARI HAQQINDA ƏSASNAMƏ


Maddə 1.
Azərbaycan Respublikası Konstitusiyasının 143-cü maddəsinə və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası qanununa əsasən bələdiyyələr öz fəaliyyətini daimi və başqa komissiyalar vasitəsilə həyata keçirirlər


Maddə 2. Bələdiyyələr öz səlahiyyətləri müddətində daimi və başqa komissiyalar yarada bilərlər. Bələdiyyələr yerli büdcə, yerli sosial və yerli sosial və yerli ekologiya və onların fəaliyyətinə aid hüquq məsələri ilə bağlı bu Əsasnamənin 22-ci maddəsində göstərilən daimi komissiyalar formalaşdıra bilərlər.
Bələdiyyələr onların səlahiyyətlərində aid edilən yerli məsələlərlə bağlı zərurət olduqda başqa komissiyalar yarada bilərlər.


Maddə 3. Bələdiyyələrin daimi və başqa komissiyalarının əsas vəzifələri "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir.


Maddə 4. Bələdiyyələrin daimi və başqa komissiyaları öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, qanunları və digər normativ hüquqi aktlarını, bu Əsasnaməni, bələdiyyələrin nizamnamələrini, habelə müfaviq bələdiyyələrin qərarlarını rəhbər tuturlar. Bələdiyyələrin komissiyaları öz fəaliyyətində müvafiq bələdiyyə ərazisində yaşayan vətəndaşların mənafe ümumiliyini əsas götürürlər.


Maddə 5. Bələdiyyələr işlərinin həcmini, maliyyə vəziyyətini və ehtiyatlarını nəzərə alaraq müfaviq sayda daimi və başqa komissiyaları yaradırlar.
Bələdiyyələrin daimi komissiyaları bələdiyyələrin səlahiyyət müddəti ərzində səlahiyyətlidirlər. Bələdiyyələrin başqa komissiyalarının səlahiyyət müddəti bələdiyyə tərəfindən müəyyən edilir və bələdiyyələrin səlahiyyət müddətindən çox ola bilməz.
Bələdiyyələr lazım olduqda yeni komissiyalar yarada, mövcüd olan komissiyaları ləğv edə və komissiyaların tərkibində dəyişikliklər edə bilərlər.
Bələdiyyələrin daimi və başqa komissiyalarının fəaliyyəti fikir müxtəlifliyi, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi, ictimai rəyi nəzərə almaqla komissiya üzvlərinin təşəbbüskarlığı prinsipləri əsasında həyata keçirilir.


Maddə 6. Bələdiyyələrin daimi və başqa komissiyalarının say tərkibi tərəfindən müəyyən edilir. Daimi və başqa komissiyalarının, tərkibi azı üç bələdiyyə üzvündən ibarət olmalıdır.
Bələdiyyələrin daimi və başqa komissiyalarının tərkibinə daxil olan şəxs bələdiyyələrin iclaslarında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
Daimi və başqa komissiyaların tərkibinin seçilməsi bələdiyyələrin qərarı ilə rəsmiləşdirilir. Daimi və başqa komissiyalar öz tərkibindən sədr, lazım gəldikdə isə muavin də seçilir. Bələdiyyə üzvü bir neçə daimi və başqa komissiyaların üzvü ola bilər.
Bələdiyyə üzvü bir daimi və başqa komissiyanın sədri ola bilər.


Maddə 7. Daimi komissiyalar onların iclaslarında təsdiq olunmuş plana müvafiq olaraq fəaliyyət göstərilir.
Daimi komissiyalar bələdiyyəyə ildə azı bir dəfə öz işi barədə hesabat verirlər.
Daimi komissiyaların iclasları ayda azı bir dəfə komisiyanın sədri tərəfindən çağrılır.
Daimi və başqa komissiyaların iclaslarında həmin komissiyanın üzvü olmayan bələdiyyə üzvləri və mütəxəssislər məşvərətçi səslə iştirak edən, təkliflər verə bilərlər. Daimi və başqa komissiyalar səyyar iclasları da keçirə bilərlər.


Maddə 8. Daimi və başqa komissiyaların iclasları onların üzvlərinin yarıdan çox iştirak etdikdə səlahiyyətlidir.
Bələdiyyə sədrinin tələbi ilə bələdiyyələrin daimi və başqa komissiyalarının növbədənkənar iclası çağırıla bilər.
Daimi və başqa komissiyanın iclası haqqında komissiya üzvü iclas gününə azı iki gün qalmış xəbərdar edilməlidir.
Daimi və başqa komissiyaların üzvləri hər hansı səbəbdən iştirak edə bilməcəyi barədə komissiya sədrinə əvvəlcədən məlumat verməlidir.


Maddə 9. Daimi və başqa komissiyaların iclaslarında baxılan bütün məsələlər barəsində qərarlar komissiyanın iclasında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.
Bu Əsasnaməyə müvafiq olaraq bir neçə daimi və başqa komissiyaların birgə iclası keçirildikdə qərarlar hər bir komissiya üzvlərinin iclasda iştirak etdiyi üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur.


Maddə 10
. Daimi və başqa komissiyalar öz səlahiyyətlərinə aid məsələlər barəsində bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərlərinin məruzələrini öz iclaslarında dinləyə bilərlər. Daimi və başqa komissiyalar öz səlahiyyətlərinə aid məsələlər barəsində bələdiyyənin icra aparatına tapşırıq vermək hüququna malikdirlər. Daimi və başqa komissiyaların təşkilatı, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini bələdiyyənin icra aparatı həyata keçirir.


Maddə 11. Daimi və başqa komissiyalar bələdiyyələrin müzakirəsinə çıxarılan məsələlər üzrə öz məruzələrini təyin edirlər.
Daimi və başqa komissiyaların birgə hazırladıqları məsələlər üzrə komissiyalar birgə məruzə və əlavə məruzələrlə çıxış edə bilər və ya öz rəy və təkilflərini ayrıca təqdim edə bilərlər.


Maddə 12. Daimi və başqa komissiyaların bələdiyyə müəssisə, idarə və təşkilatların bələdiyyənin səlahiyyətinə aid məsələlər barəsində sorğu ilə müraciət edə bilərlər.


Maddə 13. Daimi komissiyalar onların müzakirəsinə verilmiş məsələlərin başqa daimi komissiyaların həmin məsələlərə dair rəy verməsində zərurət olduqda bu barədə bələdiyyənin sədrinə təklif verə bilərlər.
Daimi komissiyalar digər daimi komissiyaların nəzərdən keçirəcəkləri məsələlərin hazırlanmasında həmin komissiyaların müraciəti ilə öz səlahiyyətlərinə aid məsələlər üzrə iştirak edə bilər.
Daimi komissiyalar nəzərdən keçirdikləri məsələlər barəsində digər daimi komissiyaların rəyini ala bilərlər.


Maddə 14. Bir və ya bir neçə daimi başqa komissiyaların səlahiyyətlərinə aid məsələlərin müzakirəsi məqsədi ilə komissiyaların özlərinin təşəbbüsü, habelə bələdiyyənin tapşırığı ilə daimi və başqa komissiyalar birgə iclaslar keçirə bilərlər. Komissiyaların birgə iclasında sədrlik edən komissiyaların üzvləri tərəfindən seçilir.


Maddə 15. Daimi və başqa komissiyalar bələdiyyələrin iclaslarında onların səlahiyyətlərinə aid məsələlər bələdiyyələrin tabeliyində olan müəssisə, idarə və təşkilatların, habelə bələdiyyənin vəzifəli şəxslərin məlumatlarını dinləmək barədə təklif verə bilərlər.


Maddə 16. Daimi və başqa komissiyaların iclaslarına həmin daimi komissiyaların tərkibinə daxil olmayan bələdiyyə üzvləri, bələdiyyənin tabeliyində olan müəssisələrin, idarə və təşkilatların nümayəndələri, mütəxəssislər və alimlər (ekspertlər) dəvət oluna bilərlər.


Maddə 17. Daimi və başqa komissiyaların sədri komissiyanın işinə rəhbərlik edir, komissiyanın iclasının vaxtını təyin edir, bələdiyyənin icra aparatı ilə birlikdə komissiyanın işini təşkil edir, komissiya üzvlərini zəruri sənədlərlə və materiallarla təmin edir, ayrı-ayrı komissiya üzvlərinə tapşırıqlar verir, komissiyanın işini başqa komissiyaların işi ilə əlaqələndirir, iclaslar üçün lazıni materialların hazırlanmasını təşkil edir, bələdiyyənin tabeliyində olan müəssisələrin, idarə və təşkilatların nümayəndələri, mütəxəssisləri və alimləri (ekspertləri) komissiyanın iclaslarında iştirak etmək üçün dəvət edir, komissiyanın iclaslarında sədrlik edir, daimi komissiyanın iş planın yerinə yetirilməsinə nəzarət edir. Daimi və başqa komissiyaların sədri komissiyanın iclasında iştirak edə bilmədikdə onun vəzifələrini sədrin müavini, sədrin müavinini seçilməyən komissiyalarda isə bələdiyyənin sədrinin tapşırığına əsasən komissiyaların üzvlərindən biri icra edir.


Maddə 18. Daimi və başqa komissiyaların üzvü onların fəaliyyətində iştirak etməyə qərarlarını həyata keçirilməsinə kömək etməyə və tapşırıqlarını yerinə yetirməyə borcludu.


Maddə 19. Daimi və başqa komissiyaların üzvünün komissiyalarda baxılan bütün məsələlər üzrə həlledici səs hüququ vardır. Onun daimi və başqa komissiyalarda nəzərdən keçirmək üçün məsələlər təklif etmək, həmin məsələlərin hazırlanması və müzakirəsində iştirak etmək, müzakirə olunan məsələlərlə əlaqədar bələdiyyələrin tabeliyində olan müəssisə, idarə və təşkilaların, habelə bələdiyyənin vəzifəli şəxslərini dinləmək barədə təkliflər vermək hüququ vardır.
Daimi və başqa komissiyaların qəbul etdiyi qərarla razı olmadıqda xüsusi rəylə çıxış edə bilər. Həmin rəy müvafiq qərara əlavə olunur.


Maddə 20. Daimi və başqa komissiyaların iclasları protokollaşdırılır. Daimi və başqa komissiyaların birgə qəbul etdikləri qərarları, onların birgə hazırladıqları rəyləri və birgə iclaslarının protokollarının müvafiq komissiyaların sədrləri imzalayırlar.


Maddə 21. Daimi və başqa komissiyalar öz fəaliyyətləri haqqında ictimayyətə mütəmadi olaraq məlumat verirlər. Daimi və başqa komissiyaların iclaslarında kütləvi informasiya vasitələrinin nümayəndələri sərbəst iştirak edə bilərlər.


Maddə 22. Bələdiyyələr aşağıdakı daimi komissiyalar yarada bilərlər:

  1. Yerli büdcə məsələləri daimi komissiyası:
     

    • yerli vergilərə və ödənişlərə, yerli büdcəyə aid layihələrini hazırlayır və ya təqdim olunmuş qərar layihələrinə dair rəy verir;

    • yerli büdcəyə nəzarətlə bağlı məsələlərə baxır və bələdiyyəyə təkliflər verir;

    • yerli büdcə layihəsinə dair başqa komissiyaların təkliflərinə baxır və bu təkliflər barəsində rəy hazırlayır;

    • yerli büdcənin icraçı ilə bağlı hesabatlara dair rəy hazırlayır;

    • bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayırlar.

  2. Yerli sosial məsələləri daimi komissiyası:
     

    • yerli sosial müdafiə və sosial inkişaf, o cümlədən əmək, məşğulluq, sosial təminat və digər yerli sosial məsələlər də daxil olmaqla, proqramların layihələrini, arayışlar, qərar layihələri hazırlayır və ya təqdim olunmuş yerli sosial inkişaf proqlamların layihələrinə və digər qərar layihələrinə dair rəy verir;

    • bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.

  3. Yerli ekologiya məsələləri daimi komissiyası:
     

    • yerli ekoloji proqramların layihələrini, arayışlar, qərar layihələri hazırlayır və ya təqdim olunmuş yerli ekoloji proqramların layihələrinə və qərar layihələrinə dair rəy verir;

    • bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.

  4. Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası:
     

    • yerli iqtisadi proqramları layihələrini ( o cümlədən bələdiyyə mülkiyyətinin bələdiyyə torpaqları da daxil olmaqla) səmərəli istifadəsi, bələdiyyələrin təssərüfat fəaliyyətinin təşkili də daxil olmaqla), arayışlar, qərar layihələrini hazırlayır və ya təqdim olunmuş yerli iqtisadi inkişaf proqramların layihələrinə və qərar layihələrinə dair rəy verir;

    • bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.

  5. Hüquqi məsələlər daimi komissiyası:
     

    • bələdiyyənin qərar layihələrini Azərbaycan Respublikası Konstitusiyasına və qanunvericiliyinə uyğunluğu haqqında, bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və ya onlara xitam verilməsi məsələlərinə, yerli rəy sorğusuna çıxarılan məsələlərə dair rəy verir;

    • bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.

Mənbə: Səbail Bələdiyyəsi

 

Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi

Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır